Şuranın dəstəyilə hepatit virusları barədə animasiya çarxı artıq Azərbaycan dilində

349

Dünyada 28 İyul Beynəlxalq Hepatitlə Mübarizə Günü kimi qeyd edilir.

Bu gün, qlobal ictimai səhiyyə problemi olan viruslu hepatitlər barədə maarifləndirməyə, dünya ölkələrində yoluxmaya qarşı profilaktik tədbirlərin gücləndirilməsinə və bu istiqamətdə fəaliyyətlərin stimullaşdırılmasına xidmət edir.

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi bu günə töhfə olaraq ÜST-ün viruslu hepatitlər mövzusuna həsr olunmuş animasiya çarxının Azərbaycan dilində versiyasını hazırlayıb. Çarx təşkilatın feysbuk sosial şəbəkədəki səhifəsindən yayımlanır:

https://m.facebook.com/WIDQT/videos/289269909048547/

Animasiya çarxı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İctimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi vasitəsilə yoluxucu xəstəliklərlə mübarizə təşəbbüslərinin gücləndirilməsi” adlı layihə çərçivəsində ərsəyə gətirilib.

Bu barədə Sosialmedia.az-a ictimai birliyin sədri Ziba Nəbiyeva məlumat verib.

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin sədri bildirib ki, ana dilimizdə viruslu hepatitlər barədə animasiya çarxları yox dərəcəsindədir. Vizual görüntülər və səhnələşmiş kadrlar vasitəsilə isə maarifləndirici materiallar daha rahat mənimsənilir və yadda qalır. Nəticə etibarilə, az vaxt sərf etməklə daha çox məlumatdan faydalanmaq olur. Bu baxımdan ilk dəfə Azərbaycan dilində hazırlanmış animasiya çarxı hər yaş kateqoriyasından olan insanların maariflənməsinə xidmət edəcək.

28 iyulun Beynəlxalq Hepatitlə Mübarizə Günü elan edilməsinin öz tarixçəsi var. Amerikalı alim Barux Semuel Blamberq elmi araşdırmalar zamanı 1964-cü ildə Avstraliya aborigeninin qanında Hepatit B virusunun antigenini (HBsAg-Hepatitis B surface antigen) müəyyən etmiş və qaraciyərin iltihabı xəstəliyinin səbəbkarı olduğunu sübuta yetirmişdi. Daha sonralar isə, Blamberqin tədqiqat qrupu, qanda hepatit B virusunu təyin etmək üçün test və xəstəliyin qarşısının alınması məqsədi ilə peyvənd yaratmışdı. Alim bu kəşfinə görə 1976-cı ildə Nobel mükafatına layiq görülmüşdü. Onun elmə verdiyi töhfələr yüksək qiymətləndirilərək qeyd olunan 28 iyul Ümumdünya Hepatit günü Blamberqin doğum tarixinə həsr edilmişdi.

Ziba Nəbiyeva qeyd edib ki, xroniki viruslu hepatitlər əksər hallarda simptomsuz keçdiyi üçün ağırlaşmış halda özünü biruzə verir. Bu viruslar qaraciyərin sirrozu və xərçənginə səbəb ola bilir. Hər il dünyada təxminən 1milyon 400 min insan bu xəstəliklərdən dünyasını dəyişir.

Hepatit viruslarının zamanında aşkar olunması üçün mütəmadi olaraq profilaktik müayinələrdən keçmək lazımdır. Xüsusən cütlüklərin nikah öncəsi və xanımların hamiləlikdən əvvəl bu viruslara yoxlanılması çox önəmlidir.

Əsas məsələ təhlükəli sayılan Hepatit B, C və D viruslarının yoluxma yolları və onlardan qorunma tədbirləri barədə məlumatlı olmaqdır. Hepatit B virusundan qorunmağın ən etibarlı yolu peyvəndlənməkdir. HBV əleyhinə vurulan peyvənd hepatit Delta (HD) virusuna yoluxmanın da qarşısını alır. Beləliklə, peyvənd olunmaqla iki təhlükəli, xroniki hallarının hələ da tam sağalması nadir hallarda rast gəlinən xəstəlikdən yaxa qurtarmaq olar.

Hepatit C virusu əleyhinə isə hələlik peyvənd kəşf olunmayıb. Amma bu xəstəliyin müalicəsi ilə bağlı dünya səhiyyəsindəki nailiyyətlər Hepatit C virusundan tam sağalmanı 90%-dən çox hallarda təmin edə bilir. Yetər ki, xəstəliyin müalicəsinə zamanında başlanılsın.

Qeyd etmək lazımdır ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri Gündəliyində (məqsəd 3: Yaxşı Səhiyyə və Rifah, Hədəf: 3.3) yoluxucu xəstəliklər – QİÇS, vərəmlə yanaşı, hepatit virusunun erkən müayinə və müalicəsi həllini gözləyən məsələlər sırasında yer alıb.