“İkidisə, birini bağışlayaq ” kampaniyası davam edir

257

Müharibənin nə olduğunu otuz ildə gördük. O, bizə çox fəlakətlər gətirdi. Yurd, torpaq,insanlarımızın itkisi unudulan deyil və bunları yaşadıq. “Miqrasiya Proseslərinin Tədqiqi” ictimai birliyinin sədri, müharibə veteranı olaraq Sentyabrın 27-də Ermənistanın növbəti təcavüzünü görəndə düşündüm ki, arxa cəbhədə ön cəbhəyə biz də dayaq olmaq üçün çox işlər görə bilərik.

“İkidisə, birini bağışlayaq“ belə bir kampaniyaya başladıq. Az zamanda bizə qoşulanlar oldu. Həmin tarixdən hər həftənin şənbə və ya bazar günləri cəbhə bölgəsinə yollanırıq və artıq mobil bir dəstə yaranıb. Bu işdə böyük əməyi olan insanlar “AY” Klinikasının rəhbəri eyni zamanda ictimai birliyin Mətbuat xidmətinin rəhbəri Arzu Ələkbərova,onun həyat yoldaşı AMEA-nın baş elmi işçisi Abuzər Ələkbərov, ictimai birliyin ideoloji məsələlər üzrə müavin Süsən Əliyeva , AMEA-nın Ədəbiyyat İnstitutunun direktor müavini Aygün Bağırlı , “Qarabağ xanımlar birliyi dünya sferasında” ictimai birliyinin sədri Aysun Alxanlı, Dünya Azərbaycanlılarının Həmrəyliyi ictimai birliyinin sədri Qəzalə Xeyrəbadi, QHT sədri Zemfira Hüseynova, beləliklə biz on beş dəfə cəbhə bölgəsinə, əsgərlərimizə və Ermənistanın Tərtərə atdığı raket və bomba nəticəsində evi dağılan insanlara yardımlara başladıq.

Əsgərlərimizə yardımlar edərkən Bərdədən olan millət vəkili Fatma Yıldırım da dəfələrlə kampaniyamıza dəstək oldu. Bu müddət ərzində biz isti corab, şarf, papaq, əlcək, alt paltarı, siqaret, dərman ləvazimatları, adyal, yorğan-döşək, xalça, televizor, gigiyenik vasitələr,qış geyimləri , ərzaq ilə dəstək olduq. İnsanlar apardıqlarımızla bərabər mənəvi dəstəyə görə nə qədər özlərini xoşbəxt hiss edirlər. Əsgər də, müharibə zonasında olan vətəndaşlarımız da gözəl bilirlər ki, onların arxasında onun Prezidenti, xalqı durur. “İkidisə, birini bağışlayaq” kampaniyası davam edir. Biz bu işi qələbəmizdən sonra da davam etdirməyə hazırıq. “Miqrasiya Proseslərinin Tədqiqi” ictimai birliyinin sədri olaraq bu kampaniyada iştirak edən hər bir kəsə minnətdaram!

“MiqrasiyaProseslərinin Tədqiqi” ictimai birliyinin sədri Fəridə Hicran