Bu, əlavə yardımdır: həm evləri tikilir, həm də… – Deputat

167

Ölkə başçısı və dövlətimiz hər zaman xalqımızın yanında olub, bundan sonra da olacaq. Cənab Prezidentin 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı sərancam bunu bir daha sübut edir.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı sərəncam haqda danışarkən deyib.

Millət vəkili sərəncamdakı iki məsələyə diqqət çəkib:

“Birincisi, dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat məbləğində yardım ediləcək.

İkincisi isə digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 (bir min) manat məbləğində yardım veriləcək.

Nəzərə almaq lazımdır ki, bu yardımın edilməsi evləri tamam dağılan insanlara başqa yardımların olmayacağı mənasına gəlmir. Yəni onsuz da evləri dağılan insanlara yardım ediləcək, onlar üçün yeni evlər dövlətimiz tərəfindən tikiləcək. Bu yardım, sadəcə, dövlətin əlavə qayğısıdır”.

Millət vəkili bildirib ki, bu sərəncam Azərbaycan vətəndaşının sosial rifahının, üzləşdiyi problemlərin həllinin, təhlükəsizlik məsələlərinin dövlətimizin prioriteti olduğunu bir daha təsdiqləyir:

“Bildiyiniz kimi, həssas kateqoriyadan olanlar var: bu kateqoriyaya şəhid ailələri, veteranlar, 44 günlük müharibə zamanı əmlakına, yaşayış yerinə, təsərrüfatına ziyan dəyən insanlar daxildir. Şübhəsiz, ölkə başçısı və dövlətimiz bu insanları unutmur və hər zaman diqqət mərkəzində saxlayıb, bundan sonra da saxlayacaq”.