Bu qərar dərmanların qiymətini qaldıracaq? – Ekspert

191

Tarif Şurasının ölkəyə idxal olunan və ya ölkədə istehsal olunan dərman vasitələrinin və maddələrinin laborator ekspertizası xidmətlərinin tarifləri ilə bağlı qərarı dərman preparatlarının qiymətlərində ciddi artıma səbəb olmayacaq.

Sosialmedia.az bildirir ki, Bunu Axar.az-a Tarif Şurasının dərmanlarla bağlı qərarını şərh edən millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib. O bildirib ki, bu qərar dərmanların keyfiyyətinin artırılmasında mühüm rol oynayacaq:

“Dərman preparatlarının xərc strukturuna diqqət yetirsək, burada ekspertiza xərclərinin böyük paya malik olmadığını görərik. Yəni ciddi xərc yaratmadığı üçün qiymətlərə təsir etməməlidir. Məhsulun istehsal, idxalla bağlı xərclərində xüsusi bir dəyişiklik olmadığı üçün dərman preparatlarının xərcində kəskin artım proqnozlaşdırılmır. Əksinə, bu qərar xüsusən də idxal edilən dərmanların keyfiyyət standartlarının qorunması baxımından vacibdir. Nəzərə alsaq ki, ölkəyə idxal edilən bəzi dərmanların keyfiyyəti ilə bağlı müzakirələr vardı. Bu baxımından həmin dərmanların keyfiyyətinə nəzarət və keyfiyyətli məhsulların idxal edilməsi çox vacibdir. Bundan başqa dərman preparatlarının qiyməti tənzimlənən qiymətlərdir. Hələlik tənzimlənən qiymətlərdə isə hər hansı artım müşahidə edilmir”.

Qeyd edək ki, Tarif Şurasının qərarı ilə ixtisaslaşdırılmış ekspertiza zamanı dərman vasitəsinin əvvəllər dövlət qeydiyyatına alınması üçün ixtisaslaşdırılmış ekspertizaya təqdim olunmuş dozalarından və qablaşdırmalarından fərqləndiyi təqdirdə, yenidən dövlət qeydiyyatına alınması məqsədi ilə hər əlavə doza və qablaşdırma üçün bu qərarla təsdiq edilmiş tarif tətbiq olunub.