Rəfail Becanov: “15 erməni “işlənmiş material” idi və onların əvəzində mina xəritəsini almaq unikal gedişdir”

238

“Növbəti böyük və uğurlu bir addım atıldı. Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib əvəzində Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri alıb. Çox unikal və düşünülmüş, təqdirolunan gedişdir. O ermənilər bizim nəyimizə lazım idi ki?! Burada saxlasaydıq, bir tərəfdən basıb yeyəcəkdilər, digər tərəfdən də Qərbdəki makronları, başqaları üstümüzə gələcəkdi”.

Sosialmedia.az bildirir ki, Bunu Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov bildirib. O qeyd edib ki, Azərbaycan əsgərinin təhlükəsizliyi, gələcəkdə o ərazidə məskunlaşacaq vətəndaşlarımızın qorunması daha önəmlidir:

“92 min tank və piyada əleyhinə basdırılmış minanın yerini öyrənmək və zərərsizləşdirilməsi neçə-neçə insanımızın həyatını xilas etmək, yurd-yuvasından didərgin düşmüş vətəndaşlarımızın öz doğma yurdlarına daha tez qayıtmasına təkandır. Bu, həm də miyonlarla manat vəsaitə qənaət deməkdir. Çünki bu mina yerlərini tapmaq və zərərsizləşdirmək illərlə vaxt, milyonlarla manat vəsait aparacaqdı”.

R.Becanovun fikrincə, hər hansı ermənini burada saxlamaqla böyük mənada nəsə əldə edilməyəcəkdi:

“Cəmiyyətdə hər kəs bunu belə qəbul edir. Bəzi dodaqbüzənlərin olacağı istisna deyil, amma bu, düzgün gedilən yolda mane ola bilməz. Onsuz da zaman-zaman bütün işlərdə, uğurlarda dodaqbüzənlər olub və yenə də olacaqlar. Əsas hədəfə doğru-dürüst getməkdir.

Düzdür, xəritələrin nə qədər dəqiq olması, bu xəritələrə etibar edib-etməmək də var. Çünki erməniyə, o düşüncədə olanlara inam qalmayıb. İstənilən zaman buqələmun kimi sifət dəyişə bilirlər. Çünki öyrəncəlidirlər. Amma nə etmək olar? Onsuz da o 15 erməni inşaat dili ilə desək, “işlənmiş material” idi və onları verib əvəzində xəritəni almaq daha məqbul sayılmalıydı və sayıldı.

Bütün bunlarla yanaşı, Azərbaycanın bu addımı həm də humanitar aksiya kimi dəyərləndirilməlidir. Azərbaycan tərəfi bir daha regionda sülhün dayanıqlığında və münasibətlərin normal məcraya yönəlməsində maraqlı olduğunu göstərdi”.