Bakı İrəvanın “qapısında” sülh sazişi imzalatdıra bilər

155

Sosialmedia.az bildirir ki, Xarici siyasət, müdafiə və təhlükəsizlik üzrə ekspert Qriqori Trofimçukun Axar.az-a müsahibəsi:

– Üçtərəfli bəyanatın imzalanmasından bir il ötdü. Bu bir il ərzində hansı nəticələrə gəldik?

– Həqiqətən də artıq bir ilin nəticələrini qiymətləndirməyin vaxtı çatdı. Bir ildə regionun sabitləşməsi və yeni müharibəyə yol verilməməsi üçün atılan addımlar davam etdirildi. Məqsəd isə İkinci Qarabağ müharibəsinin “üçüncüyə” çevirilməməsidir.

Əlbəttə, ilin əsas yekunlarından biri bütövlükdə atəşin dayandırılması oldu. Bu, sözsüz ki, Rusiya sülhməramlılarının uğurudur. Lakin görürük ki, ara-sıra atışmalar baş verir və bu, çox həyəcanlı siqnaldır.

Qalan hallarda vəziyyət hələ ki, yerində dayanır, çünki indiyədək heç bir nəqliyyat, tranzit dəhlizi qurulmayıb.

– Azərbaycanın azad edilmiş torpaqlarında bu qədər az müddət ərzində görülən işləri necə qiymətləndirirsiniz?

– Azərbaycan öz tərəfindən ən müxtəlif sahələrdə yeni yollar çəkməklə, hava limanları da daxil olmaqla, ən mürəkkəb infrastrukturların tikintisinə başlamaqla çox böyük işlər görür. Bu bir il ərzində Bakı Zəngəzur dəhlizi məsələsini qaldırıb, hansı ki, sözügedən infrastrukturun mühüm bir hissəsidir və mütləq şəkildə qurulmalıdır. Amma bu məsələ hələ də həll edilməyib, çünki Ermənistan tərəfi üçün formal maneə törədən həmin o bəyanatın mətnidir ki, onlar onu öz bildiyi kimi oxuyur.

– Bəyanatın “mətn anlaşılmazlığı” problemini vurğuladınız. Bu məqam Ermənistan tərəfinin əlində natamam arqumentə çevirilib. Sizcə, həmin problem necə həll edilməlidir?

– Minsk Qrupu kölgədə qaldığı üçün mətnin məğzini izah etmək vəzifəsi moderator və nəzarətçi kimi Moskvanın üzərinə düşür. Əgər Moskva orada nəyin yazıldığını aydınlaşdırmasa, yaxın perspektivdə hər şeydə günahkar ola bilər. Bakının tikinti təzyiqini saxlamaq artıq çox çətindir. Buldozerlər tanklar əvəzinə irəli gedir. Nəhayət, Bakının əlində Laçın dəhlizi var. Əgər hər şey hələ bir il də yerində durarsa, Bakının o qədər də gizli olmayan işarəsi reallaşacaq.

– Bakının “işarəsi”ni necə anlayırsınız?

– Azərbaycan tərəfi mütəmadi olaraq xatırladır ki, 2020-ci il razılaşmasının vaxtı sürətlə bitir. Regionun konfiqurasiyası artıq köklü şəkildə dəyişdiyi üçün zaman remarkasına diqqət yetirmək istərdim. Azərbaycanın sülhsevərliyinə baxmayaraq, o, nəzəri baxımdan Ermənistanla sülh müqaviləsini elə İrəvanın qapılarında imzalaya bilər. Yəqin ki, bu, hamıya aydındır. Amma o zaman tamam başqa müqavilə olacaq.

Bunun fonunda Ermənistan tamamilə gözlənilən tərzdə hərəkət edir. Paşinyan hesab edir ki, Ermənistanın məğlubiyyətindən sonra o, Moskvanın tam müdafiəsi altındadır. Buna görə də Paşinyan bundan sonra da hər şeyi, “SSRİ avtomobil yollarının atlası” da daxil olmaqla, istənilən xəritənin altına imza ata bilər, çünki real sərhədlərin 10 noyabr 2020-ci il tarixindəki kimi qalacağını düşünür.

– Məsələnin daha bir müddətlik uzadılması nə dərəcədə təhlükəlidir?

– Rusiyanın özü bütün məsələləri formal olaraq uzatmaq yolu ilə getsə, o, cənub sərhədlərində “hibrid” statusda olan Donbasda belə olmayan real müharibəni görəcək. Odur ki, Moskvanın regional nəqliyyat yolları məsələsində öz mövqeyi olmalıdır ki, İrəvanla Bakı sənədin mətnində “Zəngəzur dəhlizi”nin olub-olmaması ilə bağlı mübahisə etməsin. Bir ilin bəyanatını hər kəsin öz bildiyi kimi ilə oxuduğu “Minsk-2” analoquna çevirmək olmaz. Bu, çox təhlükəlidir.