Arazın məcrasını dəyişib, sərvəti talayanlar

272

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən Meliorasiya və Su Təsərrüfatı ASC ilə birgə çay məcralarında yerləşən qum-çınqıl karxanalarının fəaliyyətinin monitorinqi bu dəfə İmişli rayonunda həyata keçirilib

Sosialmedia.az xəbər verir ki, İmişli rayonunda yerləşən Bəhrəmtəpə-1, Bəhrəmtəpə-2 və İmişli qum-çınqıl yataqlarının ərazilərində keçirilən yoxlamaların nəticəsində məlum olub ki, yerin təkindən istismar qaydalarına riayət olunmaması nəticəsində Araz çayının məcrası dəyişib, yaxınlıqda yerləşən yaşayış məntəqələrində yeraltı suların səviyyəsi aşağı düşüb, minerallaşma dərəcəsi isə dəyişib.

Agentliyin Geoloji Ekspertiza və Reyestr şöbəsinin aparıcı mütəxəssisi geoloq Sadiq Əmiraslanov qeyd edib ki, karxanaların fəaliyyəti nəticəsində Araz çayının yeni məcrasında çayın sağ və sol kənarlarında “oyuq”lar əmələ gəlib, çayın müasir məcrasından kənarda isə göllər və axmazlar yaranıb.

Açıq səthə malik olan yeraltı sulardan buxarlanma baş verdiyinə görə həmin sular yüksək minerallaşma dərəcəsinə malikdir. Bəhrəmtəpə-2 qum-çınqıl yatağının ərazisində karxana fəaliyyəti nəticəsində dərinliyi 22 m-ə qədər olan göllər əmələ gəlib. Həmçinin göllərdə su səviyyəsinin aşağı düşməsi ilə qum-çınqıl yatağının ətrafındakı ərazilərdə qrunt sularının səviyyəsinin aşağı düşməsi və kimyəvi tərkibində neqativ dəyişiklik baş verib.

Sadiq Əmiraslanov onu da vurğulayıb ki, Araz çayının müasir və qədim məcrası ərazilərində karxana fəaliyyəti zamanı əmələ gəlmiş çuxurlar, gölməçə və göllərin uyğun litoloji tərkibə malik materiallarla rekultivasiya olunması məqsədəuyğun hesab edilir. Çayın müasir məcrasından kənarda, bərpası mümkün olmayan faydalı qazıntı materiallarının çıxarılması gələcəkdə bu zona üçün su ehtiyatlarının tükənməsinə, çirklənməsinə və ətraf ərazilərdə ekoloji tarazlığın pozulmasına səbəb ola bilər.

Agentliyin monitorinq şöbəsinin müdiri Zaur Səidi öz növbəsində fəaliyyəti istismar qaydalarına uyğun olmayan karxanalar barəsində görülən tədbirlər haqqında danışıb. Belə ki, sözügedən bu ərazidə hələ 2020-ci ildə işində nöqsanlar aşkar olunan karxanaların fəaliyyəti dayandırılıb. 2021-ci ildə isə istismara icazə şərtlərini pozan karxanaların dağ-mədən aktları ləğv olunub və hasilat işləri qadağan edilib. Yataqayırma hüdudundan kənarda aparılan hasilat işləri ilə bağlı iddialar qaldırılıb.

Qeyd edək ki, Agentlik hasilat zamanı yol verilmiş nöqsanları müəyyən edir və “Azərbaycan Respublikasında faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli 119 nömrəli Qərarına uyğun olaraq hesablama aparır. Ziyanın ödənilməsi məhkəmə qaydasında həyata keçirilir.