Ceyhun Bayramov Akif Çağatay Kılıçla görüşüb-Özəl

213

Sosialmedia.az xəbər verir ki, 31 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıçla görüşüb.

Görüşdə, iki ölkə arasında mövcud əməkdaşlıq, habelə regionda cari vəziyyət ətrafında müzakirələr aparılıb.

Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinə əsaslanan müttəfiqlik əlaqələrinin və regional formatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə olunub, beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində birgə səylərin daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov Vətən müharibəsindən sonra yeni reallıqların yaranması və Azərbaycan tərəfindən sülh gündəliyinin irəli sürülməsi ilə bölgədə regional əməkdaşlıq üçün imkanların yarandığını diqqətə çatdırıb. Bununla yanaşı, kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasının zəruri olduğu vurğulanıb.

Nazir, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə bə suverenliyinə zidd olaraq davam etdirdiyi hərbi-siyasi təxribatları barədə ətraflı məlumat verib. Bölgədə sülh və sabitliyin bərqərar olması üçün Ermənistanın ölkəmizin ərazisindən qanunsuz silahlı birləşmələrini çıxarmasının və təhrikçi addımlardan çəkinməsinin zəruri olduğunu bildirib.

Baş müşavir Akif Çağatay Kılıç, bugün Azərbaycan və Türkiyənin iki ölkə arasında qardaşlıq və dostluq əlaqələrinin fəlsəfəsinə uyğun olaraq uğurla əməkdaşlıq etməsinin hər iki ölkənin, o cümlədən regionun inkişafına və təhlükəsizliyinə töhfə verdiyini bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.