Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır-Özəl

377

Sosialmedia.az xəbər verir ki, Türkiyə və Azərbaycan dövlətləri arasında dostluq, qardaşlıq münasibətləri dərin tarixi köklərə malikdir. Sevidirici haldır ki, bu gün ölkələrimiz arasında olan münasibətlər daha da inkişaf edərək yeni müstəviyə qədəm qoymuşdur. İki dövlət arasında mövcud olan bu mehribançılıq və qarşılıqlı anlaşma təkcə Azərbaycan və Türkiyənin deyil, ümumilikdə regionun gələcək taleyində müsbət dinamika yaradır.

44 günlük Vətən müharibəsi zamanı Türkiyənin ilk günlərdən Azərbaycanın haqq işinə dəstək verməsi, mənəvi və siyasi cəhətdən Azərbaycanın yanında olması, sülhə, sabitliyə hesablanmış davranış idi. Eyni zamanda bu davranış, bütün dünyaya bir siqnal oldu ki, Azərbaycanın öz doğma torpaqlarını işğalçılardan təmizləmək üçün apardığı haqq mübarizəsinə kimsə müdaxilə etməsin. Noyabr ayının 10-da imzalanmış Bəyanata əsasən Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yaradılması postmüharibə dövründə də Türkiyənin regionda təhlükəsizliyin təminatçısı və nəzarətçisi olmasından xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir” bəyanatı, Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə söylədiyi nitqində “Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdilərsə, biz də bu gün və gələcəkdə bərabər olacağı” deməklə konkret mövqe ortaya qoyması Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının bariz nümunələridir. Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi belə məqamları sadalamaqla bitməz. 15 iyun 2021-ci ildə Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” isə iki dövlət və onların xalqları arasındakı birliyin, doğmalığın, dostluğun və qardaşlığın növbəti təzahürü oldu.

Tarixi Şuşa Bəyannaməsi ilə öz qardaşlığını strateji müttəfiqlik sənədində təsdiqləyən Türkiyə və Azərbaycan bu gün rəsmən bir-birinin yanındadır. Bu müttəfiqlik bütün sahələrdə özünü göstərməkdədir. Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi əlaqələr, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsi, mədəniyyət, təhsil, ordu quruculuğu istiqamətində mühüm tərəfdaşlıq hökm sürməkdədir.

Mayın 28-də Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı bu qardaşlığın simvollarından birinə çevrildi. Mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirdi ki, 30 il ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olub. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır.
Bütün bunlar onu göstərir ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı gündən-günə möhkəmlənir. İki qardaş ölkə istər ağır, istərsə də xoş günlərdə daim bir-birinin yanındadır. Türkiyədə baş verən meşə yanğınlarında və fevral ayında əsrin faciəsi adlandırılan zəlzələdə ilk yardıma çatan ölkə də Azərbaycan oldu. Zəlzələnin ilk anından Azərbaycan dövləti ilə yanaşı aidiyyəti qurumların, eləcə də ictimai təşkilatların və sıravi insanların yardım kampaniyalarına fəal şəkildə qoşulması, bütövlükdə Azərbaycanın Türkiyə ilə bağlı həssaslığını, xalqımızın qardaşlıq bağlarının nə qədər güclü olduğunu göstərdi. Son baş verən hadisələr bir daha təsdiqlədi ki, iki qardaş ölkə arasındakı qırılmaz əlaqələr daha möhkəm və sarsılmazdır.

Hər zaman olduğu kimi, Qarabağın yenidənqurma işlərində də Türkiyə-Azərbaycan qardaşlığı birgədir, işğaldan azad edilmiş torpaqlarımızın yenidən tikilib qurulmasında Türkiyə dövləti yaxından iştirak etməkdədir. Bu gün Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətləri yorulmadan çalışırlar. Türkiyə şirkətlərinin səyləri nəticəsində bu gün bu bölgədə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. Əminik ki, Türkiyə-Azərbaycan qardaşlıq və dostluq münasibətləri gələcəkdə də yüksək səviyyədə inkişaf edəcək, bu münasibət Azərbaycanda, eləcə də regionda davamlı sülhün və sabitliyin təminatçısı olacaqdır.

Aqşin Babayev
YAP Salyan rayon təşkilatının sədr müavini