Azay Quliyev: “ATƏT PA BMT TŞ-nın Dağlıq Qarabağla bağlı qətnamələrinin həyata keçirilməsini təşviq etməlidir”

229

“ATƏT-in Parlament Assambleyası regional təşkilat olaraq Dağlıq Qarabağla bağlı BMT Təhlükəsizlik Şurasının hüquqi cəhətdən məcburi xarakter daşıyan qətnamələrinin tam və qeyd-şərtsiz həyata keçirilməsini təşviq etməlidir”.

SosialMedia.az-ın xəbərinə görə, bu sözləri Azərbaycan Milli Məclisinin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qurumun Lüksemburqda keçirilən 28-ci illik sessiyasının ikinci günündə Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələrdə çıxışı zamanı deyib.

O bildirib ki, ATƏT regionunda davamlı sülhün və inkişafın əldə olunması üçün Dağlıq Qarabağ konflikti də daxil olmaqla bütün konfliktlərin həlli vacibdir.

A.Quliyev vurğulayıb ki, beynəlxalq hüquqa uyğun olaraq BMT-nin qətnamələrində və ATƏT-in qəbul etdiyi sənədlərdə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu qeyd olunur.

Qeyd edək ki, bu gün ATƏT PA-nın Lüksemburqda keçirilən 28-ci illik sessiyasında Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr keçirilib. Belə ki, Siyasi Məsələlər və Təhlükəsizlik üzrə Baş Komitənin iclasında irlandiyalı məruzəçi Alan Farrelin “Təhlükəsizliyin təmin olunması məqsədilə davamlı inkişafın irəli aparılması: Parlamentlərin rolu” adlı hesabatı müzakirə olunub.

Hesabatda göstərilir ki, Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonundakı münaqişənin həllində davamlı irəliləyişin olmaması narahatlıq mənbəyidir.

Bildirilir ki, münaqişənin həlli BMT TŞ-nin 822, 853, 874 və 884-cü qətnamələrində və BMT Baş Assambleyasının 2008-ci ildə qəbul etdiyi “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət”ə dair qətnamədə təsbit olunub. Həmçinin qeyd olunur ki, 2005-ci ildə ATƏT PA –da ATƏT-in faktaraşdırıcı missiyasının Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinə dair hesabat qəbul edilib. Vurğulanır ki, bu və digər münaqişələrlə bağlı qəbul olunmuş qətnamələrdə ATƏT PA münaqişələrə cəlb olunmuş üzv ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə tam dəstəyini təsdiqləyir.

Həmçinin hesabatla əlaqədar qətnamə layihəsi də açıqlanıb. Layihədə ATƏT regionunda Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonundakı münaqişə kimi həlli uzanan münaqişə tərəfləri arasında konstruktiv dialoqun qurulmasında davamlı irəliləyişin olmamasından narahatlıq ifadə olunur.

Hesabatla bağlı müzakirələr komitənin sabahkı iclasında davam edəcək.